Azad edilmiş ərazilərdə elektromobillərin enerjidoldurma infrastrukturu genişləndiriləcək

11:58 - 24.11.2025


24 noyabr, Fineko/abc.az. 2035-ci ilə qədər dekarbonizasiya məqsədlərinə çatmaq üçün emissiyaların yumşaldılması üzrə ətraflı hazırlanmış plan təklif olunur.

ABC.AZ-ın məlumatına görə, bu barədə Azərbaycanın yenilənmiş "Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr" (NDC) adlı sənədində qeyd edilib.

Hesabatda vurğulanıb ki, nu, metro, avtobus və dəmir yolları şəbəkələrinin genişləndirilməsi və modernləşdirilməsini; ictimai nəqliyyata və mikromobilliyə keçidin stimullaşdırılmasını; dəmir yolu nəqliyyatından istifadənin artırılmasını; daxili yanma mühərrikili avtomobil parkının ilkin istismardan çıxarılmasını və şəhər nəqliyyatının yenilənməsini; minik avtomobilləri, avtobuslar və yük maşınları arasında elektromobillərin payının artmasını; elektromobillərin təşviqi üçün stimullaşdırma proqramlarını; aviasiya yanacağı da daxil olmaqla, bioyanacağın tətbiqini və onun qarışdırılmasını əhatə edir.

Qeyd edilir ki, dayanıqlı nəqliyyata keçid elektrikli avtomobil infrastrukturu, xüsusilə də enerjidoldurma stansiyaları və elektrik şəbəkələrinin modernləşdirilməsi üçün əhəmiyyətli investisiya tələb edəcək. İlkin yüksək xərclərə baxmayaraq, uzunmüddətli perspektivdə elektrikli avtomobillərinin daha aşağı yanacaq və texniki xidmət xərcləri sayəsində əməliyyat xərclərinin azalacağı gözlənilir.

Bundan əlavə, Azərbaycan "Azərişıq" ASC və "AzərEnerji" ASC-nin iştirakı ilə Bakıda, regionlarda və azad edilmiş ərazilərdə elektromobillərin enerjidoldurma infrastrukturunu genişləndirməyi planlaşdırır. Elektrikli avtobusların xidmət göstərməsi üçün son marşrutlarda dörd nəqliyyat-mübadilə mərkəzində enerjidoldurma stansiyaları quraşdırılacaq.