Bakı və Təl-Əviv arasında həftəlik uçuş sayı artırılır

17:32 - 5.11.2025


5 noyabr, Fineko/abc.az. Gələn ilin may ayından Bakı və Təl-Əviv arasında həftəlik uçuş sayının 21-ə qədər artırılması nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Samir Rzayev sosial şəbəkədəki hesabında bildirib.

O qeyd edib ki, İsrailin Azərbaycandakı yeni təyin olunmuş səfiri Ronen Krausz ilə görüşüb.

"Görüş zamanı Azərbaycan ilə İsrail arasında ikitərəfli əməkdaşlığın inkişafı, xüsusilə aviasiya sahəsində əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə etdik. Bu istiqamətdə birgə təşəbbüslərin və əməkdaşlıq layihələrinin vacibliyini vurğuladıq", - S. Rzayev bildirib.

AZAL prezidentinin sözlərinə görə, Azərbaycan və İsrail arasında hava nəqliyyatı sahəsində davamlı artım dinamikası müşahidə olunur: "Bu tendensiyanın davamı kimi, AZAL yaxın zamanda bu istiqamətdə uçuş sayını artırmağı planlaşdırır. 2026-cı ilin mayından Bakı ilə Təl-Əviv arasında həftəlik uçuş sayının 21-ə qədər artırılması nəzərdə tutulur. Bu addım hava əlaqələrinin genişləndirilməsi və qarşılıqlı sərnişin axınının artması baxımından mühüm mərhələ olacaq. Son illərin statistik göstəriciləri əməkdaşlığın miqyasını və inkişaf tempini aydın şəkildə əks etdirir". ©Report