“Honda” konserni buna görə Meksikadakı zavodunu bağlayır

15:59 - 29.10.2025


29 oktyabr, Fineko/abc.az. Yaponiyanın “Honda” konserni “Nexperia” adlı yarımkeçirici istehsalçısından tədarük problemləri səbəbilə çip qıtlığı yaşandığı üçün Meksikadakı avtomobil zavodunda istehsalı müvəqqəti dayandırıb.

ABC.AZ xəbər verir ki, bu barədə “Nikkei Asia” portalı məlumat yayıb.

Məlumata görə, istehsalı dayandırılan zavod əsasən ABŞ-yə avtomobil ixracı üçün fəaliyyət göstərib. Ötən il orada 190 minədək avtomobil istehsal edilib, onların 150 mindən çoxu ABŞ-yə ixrac olunub.

Çip qıtlığı Çin və Niderland arasında “Nexperia” şirkəti ətrafında yaranan mübahisə ilə əlaqələndirilir. Şirkət Niderlandda yerləşir, lakin Çinin “Wingtech” holdinqinə məxsusdur. “Honda” bəzi avtomobil hissələrində “Nexperia”nın yarımkeçiricilərindən istifadə edir. Zavodun işinin nə vaxt bərpa olunacağı hələ məlum deyil.

Portal qeyd edir ki, çip çatışmazlığı “Honda”nın ABŞ və Kanadadakı zavodlarına da təsir edib. Bu, şirkətin avtomobil istehsalında tədarük zəncirinə görə ilk dəfə fasilə verməsidir. Bununla belə, Meksikada motosiklet istehsalı davam edir və problemə məruz qalmayıb.