Palata “COP29″u hazırlayan şirkətlə bağlı hesabat aparıb

16:22 - 27.10.2025


27 oktyabr, Fineko/abc.az. Hesablama Palatasının 2025-ci il üzrə İş Planına müvafiq olaraq COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən COP 29 tədbirinin hazırlıq və keçirilmə mərhələləri üzrə gəlir və xərclərin auditi aparılıb.

ABC.AZ xəbər verir ki, audit COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən COP29 beynəlxalq tədbiri üzrə hazırlanmış maliyyə hesabatlarında gəlirlər və xərclərə dair məlumatların düzgünlüyü ilə bağlı əminliyin yaradılması məqsədilə həyata keçirilib.

Audit zamanı IFPP-nin (INTOSAI-ın Peşəkar Bəyanatlar Çərçivəsi) beynəlxalq prinsip və standartlarına əsaslanaraq hazırlanmış metodologiyalardan istifadə edilib. Audit maliyyə sənədlərinin yoxlanılmasına, gəlir və xərclər üzrə hesabatların dəqiqliyinin təsdiq edilməsinə, maliyyə vəsaitlərinin idarə olunması ilə bağlı hüquqi çərçivəyə riayət olunmasının müəyyənləşdirilməsinə və daxili nəzarət sisteminin işləkliyinin qiymətləndirilməsinə yönəlməyib.

Audit nəticəsində COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən 31 may 2025-ci il tarixinə hazırlanmış COP29 beynəlxalq tədbiri üzrə maliyyə hesabatlarına müsbət rəy verilib.

Tədbir ilə bağlı daxilolmaların 92,5%-i dövlət büdcəsindən, 7,5% isə digər mənbələrdən olub. Daxil olan vəsait COP29 üzrə əsas məsul qurum olan COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməliyyat və digər xərcləri (tikinti işləri, məsləhətçi xidmətləri, qonaqlama, nəqliyyat, avadanlıq və texniki dəstək, marketinq və təşviqat, bütün növ outsors müqavilələri) və beynəlxalq öhdəliklərdən irəli gələn xərclər istiqamətlərində istifadə edilib.

Əməliyyat xərclərinin əsas hissəsi konfransın keçirilmə yerləri (65,4%) və məzmun dəyərinin formalaşması ilə bağlı xərclərə (10,2%) sərf edilib. Bundan əlavə, istifadə edilmiş maliyyə vəsaiti müqabilində uzunmüddətli aktivlər (maşın və avadanlıqlar) əldə edilmiş və tədbir bitdikdən sonra müvafiq qaydada bir sıra dövlət qurumlarının istifadəsinə təhvil verilib.