ABŞ sanksiyaları Çinin “Sinopec” şirkətinə təzyiq edir

12:11 - 13.10.2025


13 oktyabr, Fineko/abc.az. ABŞ-ın əsas Çin neft idxal terminalına qarşı sanksiyaları xammal axınlarını başqa istiqamətə yönləndirir və bir neçə dövlət neft emalı zavodunda emal həcminin azalmasına gətirib çıxara bilər.

ABC.AZ xəbər verir ki, Energy Aspects analitiklərinin fikrincə, ötən həftə Çinin neft idxalının təxminən 9%-nin keçdiyi Jičjao Şixua neft terminalının qara siyahıya salınması, Şandun əyalətində limana yaxın yerləşən bir neçə neft emalı zavodunda emal həcminin gündə 250 min barelədək azalmasına səbəb ola bilər. Dövlətin Sinopec şirkətinə məxsus bir neçə neftayırma zavodunun zərər çəkəcəyi ehtimal olunur. Söhbət, xammalı əsasən terminaldan gələn boru kəməri vasitəsilə alan, gücü gündə 200 min barel olan Luoyan Sinopec zavodundan gedir. Yanztzy və Cinlin kimi Jičjao limanı ilə boru kəməri ilə birləşən digər Sinopec zavodları da təchizatda fasilələrlə üzləşə bilərlər.

Bloomberg-in məlumatına görə, tanker gəmiləri sanksiyaya məruz qalan terminalı artıq yan keçməyə başlayıblar. Kpler məlumatına əsasən, terminal vasitəsilə daha öncə gündə 1 milyon bareldən çox, o cümlədən İran nefti idxal edilirdi. Vortexa ekspertləri bildirirlər ki, məhdudiyyətlər əsasən dövlətə məxsus zavodlara təsir edəcək, Energy Aspects isə hesab edir ki, Çinin ümumi neft tələbatına olan bu təsir çox çəkməyəcək.