KOBİA "Bilişim Vadisi" texnoparkı ilə əməkdaşlığa başlayır

12:03 - 8.10.2025


8 oktyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin "Bilişim Vadisi" texnoparkı "yaşıl keçid" sahəsində birgə əməkdaşlıq aparmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bunu "Bilişim Vadisi"nin baş meneceri Erkam Tüzgen II Azərbaycan Halal Biznes (AZHAB) Forumunda bildirib.

Onun sözlərinə görə, dünən KOBİA ilə "Bilişim Vadisi" arasında əməkdaşlıq müqaviləsi imzalanıb:

"Azərbaycandakı digər institutlarla da tərəfdaşlıqlarımız mövcuddur və ümid edirəm ki, bu əməkdaşlıqlar daha da genişlənəcək".

E.Tüzgen qeyd edib ki, "Bilişim Vadisi" Türkiyənin ən böyük texnologiya parkıdır:

"Biz innovasiya mərkəziyik. Startaplar və KOB-lar iqtisadiyyatın əsas dayağı olmaqla yanaşı, həm də "yaşıl keçid"in ən güclü hərəkətverici qüvvələrindən biridir. Onların çevikliyi və innovasiya potensialı bu prosesi sürətləndirir. Məqsədimiz KOB-ları beynəlxalq imkanlarla bir araya gətirmək və onları qlobal innovasiya ekosisteminə inteqrasiya etməkdir".

O vurğulayıb ki, KOB-lar və startaplar qlobal iqtisadiyyata böyük töhfə versələr də, onların fəaliyyəti çox vaxt yerli səviyyədə qalır:

"Bakı Bəyannaməsi bu məsələyə diqqət çəkir. Yerli qəhrəmanları qlobal səviyyədə tanıtmaq üçün platformalar yaratmalıyıq. Xüsusilə təmiz enerji və mobillik sahələrində kiçik innovatorlarla böyük şirkətlər arasında əməkdaşlıq innovasiyanı daha da sürətləndirir. Beləliklə, bir startap tədricən yerli səviyyədən beynəlxalq oyunçuya çevrilə bilər".

E. Tüzgen əlavə edib ki, KOB-lar və startaplar iqtisadi proseslərlə yanaşı, həm də qlobal strategiyaların formalaşmasında iştirak etməlidirlər:

"‘Bilişim Vadisi" olaraq biz G20-nin Startup20 təşəbbüsündə iştirak edirik. Bu kimi platformalar vasitəsilə KOB-ların qlobal iqlim müzakirələrində səsi daha çox eşidilməlidir. Onlar bazarlara inteqrasiya olunduqca və səsləri siyasətdə əks olunduqca, dayanıqlı inkişafın əsas iştirakçılarına çevrilirlər". © Report