10:38 - 2.10.2025
2 oktyabr, Fineko/abc.az. Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolu operatorları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) bütün marşrutu boyunca vahid uzunmüddətli tarif müəyyən etmək barədə razılaşıblar.
ABC.AZ-ın məlumatına görə, bu barədə "Qazaxıstan Dəmir Yolu" SC-nin mətbuat xidmətindən bildirilib.
Bu qərar "Qazaxıstan Dəmir Yolu", "Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolu" SC tərəfindən Almatıda VII Beynəlxalq nəqliyyat-logistika biznes forumu "New Silk Way" çərçivəsində imzalanan "Orta Dəhlizdə "darboğazlar"ın aradan qaldırılması üzrə Tədbirlər Planı"nda öz əksini tapıb.
"Planın məqsədi Çin, Mərkəzi Asiya və Avropa arasında əsas Avrasiya dəhlizinə çevrilən TBNM marşrutu üzrə daşımaların səmərəliliyini artırmaqdır. Beləliklə, üç dəmir yolu administrasiyası arasında logistik proseslərin inteqrasiyasına və marşrut infrastrukturunun inkişafına yönəlmiş sənəd imzalanıb", - məlumatda qeyd olunub.
"Qazaxıstan Dəmir Yolu"ndan qeyd edilib ki, imzalanan sənəd Orta Dəhlizin davamlı, rəqabətqabiliyyətli və strateji baxımdan əhəmiyyətli marşrut kimi inkişafında yeni mərhələnin başlanğıcıdır.