12:19 - 30.09.2025
30 sentyabr, Fineko/abc.az. Bu ilin ikinci yarısında Azərbaycanda inflyasiya yavaşlayacaq.
ABC.AZ Asiya İnkişaf Bankının (ADB) sentyabr hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin I yarısında idxal məhsullarının qiymətlərinin artması, eləcə də 2024-cü ilin ortasında və 2025-ci ilin əvvəlində tariflərin artırılması fonunda inflyasiya sürətlənib.
"Orta illik inflyasiya bu ilin iyun ayının sonuna 5,9 %-ə (2024-cü ilin birinci yarısındakı 0,7 %) qədər yüksəlib. Bu zaman qida məhsullarının qiymətləri 6,6 %, digər malların qiymətləri 2,7 %, xidmətlərin qiymətləri isə 7,5 % artıb", - bankın hesabatında qeyd olunub.
ADB-nin qiymətləndirməsinə görə, inflyasiya ilin qalan hissəsində yavaşlayacaq. Buna səbəb qiymətlərin inzibati tənzimlənməsinin təsirinin tədricən azalması olacaq.
"İnflyasiya 2 %-6 % hədəf diapazonunda qaldığı üçün Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin iyul ayında uçot dərəcəsini 7,25 %-dən 7 %-ə (2024-cü ilin mayından bəri ilk dəfə) qədər endirib. 2025-ci ilin ikinci yarısında inflyasiyanın gözlənilən yavaşlaması nəzərə alınaraq, 2025-2026-cı illər üzrə inflyasiya proqnozlarımız 4,2 % və 3,5 % olaraq qalır", - hesabatda bildirilib.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, bu il ölkədə orta illik inflyasiya 5,4 %, gələn il isə 4,3 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (2025-ci il iyul ayı) görə, cari ildə inflyasiya 5,7 %, 2026-cı ildə isə təxminən 5,3 % təşkil edəcək. © Report
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026