10:14 - 30.09.2025
30 sentyabr, Fineko/abc.az. Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, son 5 ilin ilk 6 ayı üzrə hər il tikinti-quraşdırma işlərinə sərf olunan vəsaitin həcmi artıb.
ABC.AZ xəbər verir ki, 2021-ci ildə ölkədə tikinti-quraşdırma işlərinə 3,65 milyard manat sərf olunmuşdusa, cari ildə bu göstərici 72,9% və ya 2,66 milyard manat artaraq 6,31 milyard manat təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin ilk 6 ayında ölkədə tikinti-quraşdırma işlərinə sərf olunan vəsaitin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% və ya 0,8 milyard manat artıb. Cari ilin ilk 6 ayında ölkədə tikinti-quraşdırma işlərinə sərf olunan vəsaitin 39,75%-i və ya 2,51 milyard manatı Bakı şəhərində görülən tikinti-quraşdırma işlərinə sərf olunub.
İşğaldan azad olunmuş bölgələrimizdə isə aparılan tikinti-quraşdırma işlərinin həcmi 1,99 milyard manat təşkil edib. Bu məbləğ ölkədə ilk 6 ayda aparılan tikinti-quraşdırma işlərinin həcminin 31,51%-ni təşkil edir.
Qalan 1,81 milyard manat həcmində tikinti-quraşdırma işləri isə digər bölgələrimizdə aparılıb. Bu məbləğ isə ümumi göstəricinin 28,74%-nə bərabərdir.