Azərbaycan 2040-cı ilədək bərpa olunan enerjinin ixracını həyata keçirəcək?

16:30 - 25.09.2025


25 sentyabr, Fineko/abc.az. İkinci mərhələdən başlayaraq enerji saxlanc sistemlərinin tətbiqi artıq investorlara həvalə edilir, çünki dəyişkən mənbələr - günəş və külək qeyri-sabitdir və şəbəkənin dayanıqlığına təsir edir.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə strukturu - "SOCAR Green" MMC-nin günəş və külək enerjisi üzrə eksperti Elçin Tarquliyev bildirib.

Onun sözlərinə görə,  ikinci mərhələ (2030-2032-ci illərə qədər) əsasən texnologiyaların yetkinliyinə: bərpa olunan enerji mənbələrinin enerji saxlanc sistemləri ilə birlikdə enerji sisteminə inteqrasiyasına və qismən elektrik enerjisinin qonşu ölkələrə ixracına həsr olunub. 2032-ci ildən sonra artıq uzunmüddətli mərhələdən - enerji ixracatçısı mərhələsindən danışmaq mümkün olacaq. Bu, Azərbaycanın əvvəllər neft və qaz ixracatçısı olduğu kimi, "yaşıl enerji" ixracatçısına çevrilməklə bağlı son hədəfidir.

Onun sözlərinə görə, bu mərhələdə layihələr meqavatt miqyasında deyil, giqavatt miqyasında həyata keçiriləcək.

"Məndə olan məlumata görə, Energetika Nazirliyi artıq 2040-cı ilədək 4 giqavata qədər bərpa olunan enerjinin mərhələli şəkildə ixracı üçün həyata keçirmə, mənbələrin bölüşdürülməsi strukturunun yaradılması və plan-qrafik üzərində məsləhətçilərlə işləyir. Bu qədər "yaşıl enerji" son dərəcə diqqətli planlaşdırma tələb edəcək, çünki bərpa olunan enerji mənbələri qeyri-sabitdir və inteqrasiyanın rahat keçməsi və layihənin uğurlu olması üçün düşünülmüş tətbiq qrafiki tələb edir", - mütəxəssis bildirib. © Report