Bakıda 8 ayda 34 milyard manatlıq sənaye məhsulları istehsal edilib

17:28 - 24.09.2025


24 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 34 milyard manat təşkil edib.

Bakı şəhər Statistika İdarəsindən ABC.AZ-a    daxil olan məlumata görə, bu, 2024-cü ilin ilk 8 ayının göstəriciləri ilə müqayisədə 1,4 milyard manat və ya 3,9 % azdır.

Bu ilin yanvar-avqust aylarında paytaxtda sənaye məhsulunun 74,2 %-i mədənçıxarma, 22,5 %-i emal, 2,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 82,1 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,2 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,8 % təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin sentyabrın 1-nə 461,9 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 99,2 milyon manat məbləğində digər məhsullar da mövcud olub.