15:20 - 24.09.2025
24 sentyabr, Fineko/abc.az. Ağdam Sənaye Parkında orta və alçaq gərginlikli elektrik yuvalarının istehsalı həyata keçiriləcək.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) bildirilib.
Bununla bağlı I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində Parkın rezidenti "Eel Electric" MMC ilə Türkiyənin "ABB Group" şirkətləri arasında Modulyar Panel Sistemlərinin quraşdırılmasına dair müqavilə imzalanıb.
Müqaviləni "Eel Electric" MMC-nin direktoru Vüsal Mirzəyev və şirkətin ölkə meneceri Mahmud Rzayev imzalayıblar.
Birgə əməkdaşlıq çərçivəsində tərəflər "Eel Electric" MMC-nin Ağdam Sənaye Parkında yerləşən müəssisəsində istehsal edəcəklər. İstehsal prosesi "ABB Group" şirkətinin qabaqcıl texnologiyası əsasında təşkil ediləcək.
140 ildən çox təcrübəyə malik "ABB Group" şirkəti dünyada elektrikləşdirmə və avtomatlaşdırma sahəsində qlobal texnologiya lideridir. Şirkətin dünya üzrə 110 mindən artıq işçisi var. © Report