"Ticarət-əyləncə kompleksləri" bundan sonra belə fəaliyyət göstərəcək

16:40 - 15.09.2025


15 sentyabr, Fineko/abc.az. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Ticarət-əyləncə kompleksləri. Layihələndirmə normaları"nı təsdiqləyib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.

Qərara əsasən, bu normalar hündürlüyü 50 m-ə qədər, yeraltı hissəsinin dərinliyi yer səviyyəsindən 15 m-ə qədər olan yeni, yenidən qurulan və əsaslı təmir olunan ticarət-əyləncə komplekslərinin layihələndirilməsinə şamil olunacaq.

Ticarət-əyləncə kompleksinin ərazisində müvafiq olaraq aşağıdakılar yerləşdirilməlidir:

- ziyarətçilərin (alıcıların) və ticarət-əyləncə kompleksinin əməkdaşlarının minik avtomobillərinin dayanması və saxlanması üçün yerlər (açıq meydançalarda, bina və kompleks daxilində, o cümlədən yeraltı səviyyələrdə, binaya bitişik və ya ayrıca binada avtomobil dayanacaqlarında);

- ticarət-əyləncə kompleksinin binasına xidmət edən yük avtomobilləri üçün (daxili və daxili-bitişik yerləşgələrdə, o cümlədən yeraltı səviyyələrdə) dayanacaq yerləri.

Ticarət-əyləncə kompleksi ərazisində bərk məişət tullantılarının müvəqqəti saxlanılması və daşınması üçün konteyner meydançalarının yaşayış binalarının pəncərələrindən, məktəbəqədər və ümumtəhsil, stasionar tipli tibb müəssisələrinin ərazilərinin sərhədlərindən ən azı 20 m aralıda yerləşdirilməsi nəzərdə tutulur.

Bundan başqa, layihə tapşırığına əsasən eyni vaxtda 50-dən çox insanın bir məkanda olması ehtimal olunan ticarət-əyləncə komplekslərinin layihə həllərində antiterror təhlükəsizliyi təmin edən tələblər nəzərdə tutulmalıdır.

Obyektin antiterror mühafizəsinin təmin edilməsinə dair tədbirlərin tərkibinə - təşkilatçılıq və rejim xarakterli tədbirlər, mühəndis-texniki xarakterli tədbirlər, tikinti dövründə obyektin mühafizəsi üzrə layihə həllərinin və tədbirlərin əsaslandırılması daxil olmalıdır.