Əraqçı: Bakı və İrəvan Zəngəzur dəhlizinin yaradılması məsələsini gündəlikdən çıxarıblar

12:26 - 11.08.2025


11 avqust, Fineko/abc.az. Bakı və İrəvan Azərbaycanın yurisdiksiyasında olacaq Zəngəzur dəhlizinin yaradılması məsələsini danışıqların gündəliyindən çıxarıblar.

ABC.AZ xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı deyib və izah edib ki, indi söhbət Ermənistanın suverenliyini pozmayan tranzit marşrutdan gedir.

"Nəqliyyat dəhlizinin yaradılması ideyası öz əhəmiyyətini tamamilə itirib. İndi söhbət Ermənistanın yurisdiksiyasında olacaq, həmçinin Ermənistanda qeydiyyatda birgə Ermənistan-Amerika şirkətinin rəhbərliyi altında olacaq tranzit şossesinin yaradılmasından gedir", - deyə o bildirib.

Əraqçının sözlərinə görə, Tehran Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması parametrləri ilə bağlı İrəvanla məsləhətləşmələr aparır.

Bundan əvvəl İran Ali liderinin müşaviri Əli Əkbər Vəlayati Ermənistan ərazisindən keçəcək və Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Nəqliyyat Dəhlizinin yaradılmasına qarşı çıxaraq, İslam respublikasının öz təhlükəsizliyini təmin etmək üçün belə bir layihənin həyata keçirilməsinə qarşı çıxacağına söz vermişdi.