16:26 - 11.07.2025
11 iyul, Fineko/abc.az. Azərbaycan və Qazaxıstan sahibkarları yaxın vaxtlarda Qazaxıstan ununun Azərbaycana yeni birgə brend altında ilk tədarükünü həyata keçirməyi planlaşdırırlar.
ABC.AZ Qazaxıstanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, müvafiq razılaşma Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının işçi görüşü zamanı əldə edilib.
Tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov iştirak ediblər.
Diplomat 2025-ci ilin ilk 4 ayı ərzində Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsinin 20 % artmasını məmnuniyyətlə qeyd edib: “Hazırda qarşılıqlı ticarət iki ölkə müstəqillik əldə etdikdən bəri rekord səviyyədədir”.
A.Bayel Qazaxıstanın Azərbaycana taxıl tədarükündəki aparıcı roluna xüsusilə diqqət çəkib: “Azərbaycanın ümumi idxalında Qazaxıstan buğdasının payı rekord göstərici – 88 % təşkil edib”.
Səfir vurğulayıb ki, Qazaxıstan rəhbərliyi Azərbaycanla sənaye kooperasiyasının inkişafına xüsusi əhəmiyyət verir.
O.Məmmədov isə Qazaxıstanla birgə layihələrin həyata keçirilməsində işin daha da aktivləşdirilməsinə hazır olduqlarını təsdiqləyib.
Azərbaycan tərəfi öz növbəsində yerli istehlakçıları üçün Qazaxıstan buğdası və ununun üstünlüklərinə dair təhlilin nəticələrini təqdim edib. Qazaxıstan buğdasının yüksək keyfiyyəti və ölkədən sabit tədarükün təmin edilməsinin vacibliyi xüsusi vurğulanıb.
4 Avqust 2026
4 Avqust 2026