Azərbaycanda varislərin hüquqlarının qorunması üçün yeni qaydalar tətbiq edilir

16:28 - 23.05.2025


23 may, Fineko/abc.az. Mülki Məcəllədə irsi transmissiya ilə bağlı yeni hüquqi mexanizmlər təklif olunur. Həmin mexanizmlər irsi transmissiya prosesində hüquqi boşluqların aradan qaldırılmasını hədəfləyir.

ABC.AZ xəbər verir ki, təklif edilən dəyişikliklərə əsasən, əgər mirasa hüququ olan şəxs, yəni vərəsə mirasın açılmasından sonra və lakin onu rəsmən qəbul etməzdən əvvəl vəfat edərsə, həmin vərəsənin hüquqları onun öz vərəsələrinə ümumi qaydada ötürüləcək. Beləliklə, ilkin miras qoyanın əmlakı, ölmüş vərəsənin vərəsələri tərəfindən, onun mirasının tərkib hissəsi kimi qəbul edilə biləcək.

Hazırkı qanunvericiliyə görə, irsi transmissiya yalnız vərəsə mirasın açıldığı tarixdən sonra, lakin onu qəbul etməmiş halda vəfat edərsə, baş verir. Bu halda onun hüquqları qanunla müəyyən edilmiş müddət ərzində, yəni, mirasın qəbuluna ayrılmış müddət ərzində onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Yeni dəyişiklik layihəsi bu müddətin azı üç ay olmaqla uzadılmasını nəzərdə tutur ki, ölmüş vərəsənin vərəsələri miras hüququndan istifadə üçün yetərli vaxta malik olsunlar.

Qanun layihəsində o da qeyd olunur ki, əgər mirasın qəbulundan imtina edilməyibsə və vərəsə bu qərarı verməyə imkan tapmadan dünyasını dəyişibsə, bu zaman onun vərəsələri ilkin miras qoyanın əmlakına dair vərəsəlik şəhadətnaməsi almaq hüququna malik olacaqlar. Beləliklə, mirasın qəbulundan imtina edilmədiyi hallarda, irsi transmissiya çərçivəsində mülki hüquqların tam ötürülməsi təmin olunacaq.