11:23 - 19.05.2025
19 may, Fineko/abc.az. Azərbaycanda mövcud müavinət növlərindən biri də işğaldan azad edilmiş ərazilərdə çalışan şəxslər üçün nəzərdə tutulub.
ABC.AZ xəbər verir ki, bu, birdəfəlik müavinətdir və sözügedən ərazilərdə işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə verilir.
Müavinətin məbləği 600 manatdır.
Həmin mütəxəssis üç şərtə cavab verməlidir:
Birincisi, peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədinə malik olmalıdır. Yəni işçi yalnız orta məktəbi bitiribsə, o zaman işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssis sayılmayacaq.
İkincisi, işçinin əmək stajı nəzərə alınır. Onun son 60 ay ərzində (son 5 ildə) fasiləli və ya fasiləsiz ən azı 24 ay əmək stajı olmalıdır.
Üçüncüsü, işçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxs olmalıdır.