İlham Əliyev Sumqayıtda zavodların açılışını edib

14:26 - 30.04.2025


30 aprel, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Sumqayıt Kimya Sənaye Parkında olub, “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin və “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışında iştirak edib.

ABC.AZ xəbər verir ki, əvvəlcə “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin istehsalı zavodunun açılışı oldu.

İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına ölkəmizdəki sənaye zonaları və Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti barədə məlumat verdi.

Tikinti kimyəvilərinin istehsalı zavodu ilə bağlı bildirildi ki, “Kartaş Kimya” MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Təməli 2023-cü ildə dövlətimizin başçısı tərəfindən qoyulan zavodun tikintisi üçün 2,5 hektar ərazi ayrılıb. Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodunun açılışında iştirak etdi.