11:21 - 18.02.2025
18 fevral, Fineko/abc.az. Azərbaycanda yanvar ayında yuvarlaq olaraq işsizlik səviyyəsi stabil qalıb və son məlumatlara görə bu nisbət 5.3 faiz olub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvarda iqtisadi fəal əhalinin sayı 5 milyon 312.6 min nəfər olub, onlardan 5 milyon 29.9 min nəfəri məşğul əhalidir.
İşsizlərin sayı isə 282.7 min nəfər təşkil edib. Bu bir ay öncə isə 282.3 min nəfər idi.
Cari il yanvarın 1-nə olan məlumata görə, muzdla çalışan işçilərin sayı 1 milyon 778.5 min nəfər olub. Onlardan 882.8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895.7 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb. İqtisadiyyatın neft-qaz sektorunda 31.8 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 746.7 min nəfər işləyib.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22.8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7.6 faizi emal sənayesində, 6.6 faizi tikintidə, 2.7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2.4 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1.8 faizi mədənçıxarma sənayesində, 1.7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində çalışıb.