Qazaxıstanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib 

12:40 - 26.12.2024


26 dekabr, Fineko/abc.az. Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti İdarəsindən verilən məlumata görə, nazir Murat Nurtleu AZAL aviaşirkətinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması xəbərini böyük kədər hissi ilə qarşıladıqlarını bildirib.

ABC.AZ xəbər verir ki, Nurtleu qəzada həlak olanların ailələrinə, dost və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib. Diqqətə çatdırılıb ki, qəzadan dərhal sonra Qazaxıstan fövqəladə hallar xidmətləri tam səfərbər edilib və fəlakətin nəticələrinin aradan qaldırılmasında iştirak ediblər. Qəzanın səbəblərini araşdırmaq üçün istintaq qrupu yaradılıb və müvafiq tədbirlər görülüb.

Bayramov qazaxıstanlı həmkarına başsağlığı verdiyinə görə təşəkkür edib, öz növbəsində həlak olmuş Qazaxıstan vətəndaşlarının ailələrinə, dost və qardaş Qazaxıstana başsağlığı verib. O, göstərilən dəstəyə görə minnətdarlığını bildirib.