Büdcədən DSMF və İTSF-yə bu səbəbdən maliyyələşmə artırılıb

15:11 - 19.11.2024


19 noyabr, Fineko/abc.az. Növbəti ildə DSMF-in büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait cari illə müqayisədə 368 mln. manat (29,9%) çox olmaqla 1 milyard 600 mln. manat, İcbari Tibbi Sığorta Fonduna (İTSF) ayrılan vəsait isə 42,4 mln. manat (3,1%) çox olmaqla 1 milyard 410,4 mln. manat nəzərdə tutulub.

ABC.AZ xəbər verir ki, bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi zərfinə rəyində əksini tapıb.

Məlumatlara əsasən, DSMF-ə ayırmaların artımı pensiya ödənişi xərclərinin cari il üçün ölkə üzrə gözlənilən orta aylıq əməkhaqqının artım tempinə, İTSF-ə ayırmaların artımı isə əhalinin sayının növbəti ilə ehtimal olunan artımı və cari ilin sonuna gözlənilən inflyasiya faizinə uyğun olaraq indeksləşdirilməsi ilə bağlıdır.

Belə ki, 2025-ci ilin dövlət büdcəsi layihəsində adambaşına düşən icbari tibbi sığorta haqqı cari ilin sonuna gözlənilən 2,7% inflyasiyaya uyğun artırılaraq 124,1 manat müəyyən edilib.