BMT: iqlim sahəsində “əhəmiyyətli” ciddi addımlara ehtiyac var

12:34 - 28.10.2024


28 oktyabr, Fineko/abc.az. “İllik istixana qazı tullantılarının həcmi ən yüksək səviyyəyə çatıb. Dəhşətli hərarət artımının qarşısını almaq və bunun ən pis təsirindən qurtulmaq üçün təcili addımlar atılmalıdır”.

ABC.AZ xəbər verir ki, bu barədə BMT-nin hesabatında deyilir.

BMT ətraf mühit proqramımın icraçı direktoru İnqer Andersen tək çıxış yolunu atmosfer tullantıları həcminin dərhal azaldılmasında görür. "Əvvəllər rast gəlmədiyimiz miqyas və tempdə qlobal səfərbərliyə ehtiyacımız var", - onun sözləridir.

Ölkələrin neft, qaz və kömürdən tədricən imtinaya dair vədlərindən bir il ötsə də, atmosferə atılan tullantıların azaldılması yolunda, demək olar, heç nə edilməyib.

BMT-nın Bakıda keçiriləcək iqlim sammitinə toplaşanlar qlobal istilik problemini çözə biləcək tədbirlərdən danışacaqlar.

Planetin havası bu il 1.3 dərəcədən çox daha da istiləşib

Dünya miqyasında günəş, külək kimi bərpaolunann enerji qaynaqlarının sayı çoxalsa da, elektrik enerjisinə daha tez artan tələbat ölkələri daha çox qalıq yanacaqdan yararlanmağa sövq edir. ABŞ-Çin rəqabəti, Ukrayna və Qəzzadakı savaşlar iqlim dəyişikliyi sahəsində beynəlxalq əməkdaşlığı daha da çətinləşdirir.

2015-ci il Paris sazişi çərçivəsində 151 ölkə istixana qazının həcmini 2030-cu ilədək azaldacağını açıqlayıb. Hər ölkə öz vədinə əməl etsəydi, bu onilliyin sonunadək qlobal tullantıların həcmi 3-11 faiz azalacaqdı. Lakin, əvəzində bu il planet 1.3 dərəcə daha da istiləşib. İlk baxışdan az görünə bilər, ancaq istilik dalğaları, meşə yanğınları, quraqlıq, qasırğa tələfatlara yol açır, bionövlərin də nəslinin kəsilmə riskləri artır.