Pezeşkian: BRİKS-də əməkdaşlıq birqütblü dünyanın sonuna gətirib çıxaracaq

15:37 - 22.10.2024


22 oktyabr, Fineko/abc.az. BRİKS-ə üzv ölkələrin qarşılıqlı əlaqəsi birqütblü dünyanın və Amerika totalitarizmi dövrünün sonuna gətirib çıxaracaq.

ABC.AZ xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian Kazana birliyin sammitinə yola düşməzdən əvvəl bildirib.

"Bu Sammitdə iştirak edəcək dövlət başçıları BRİKS-ə öz baxışlarını təqdim edəcəklər, bu səfər Amerikanın birqütblü dünyasını kölgədə qoya bilər. BRİKS Amerika totalitarizmindən çıxış yoludur", - deyə o bildirib.

"Səfər Rusiyanın əziz Prezidenti cənab Vladimir Putinin dəvəti ilə keçirilir və çoxqütblü bir dünya qurmağa çalışan BRİKS üzv ölkələrinin [liderlərinin] görüşüdür", - o əlavə edib.

Pezeşkian deyib ki, BRİKS-də əməkdaşlıq "Birlik və möhkəmlik" və ABŞ və Amerika dollarından asılılığı azaltmaq üçün lazımdır.

"Biz [zirvədə] enerji, sənaye, ticarət və turizm sahələrində yaxşı razılaşmalar əldə etməyi planlaşdırırıq", - Pezeşkian deyib. İran İcra Hakimiyyətinin başçısı Rusiya prezidenti, Hindistanın Baş naziri Narendra Modi və ÇXR Sədri Si Cinpinlə danışıqlar aparmaq niyyətində olduğunu bildirib.