Füzulinin 4 kəndində layihələndirmə işləri davam etdirilir

16:46 - 15.10.2024


15 oktyabr, Fineko/abc.az. Füzulinin Dövlətyarlı kəndində hazırlıq işləri tamamlanıb.

ABC.AZ xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktorun müavini Səbuhi Abdullayev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, bəhs edilən kənd “Ağıllı kənd’’ layihəsi kimi sistemləşdiriləcək və kənddə alternativ enerji mənbələrindən, yaşıl enerjidən istifadə ediləcək.

"Tikintinin 1-ci mərhələsində Dövlətyarlı kəndində 450 fərdi evin tikintisi nəzərdə tutulur. Eləcə də burada məktəb, uşaq bağçası, kənd meydanı, bazar və digər infrastruktur obyektləri də formalaşdırılacaq. Cuvarlı, Qarğabazar, Qoçəhmədli və Dədəli kəndlərində isə layihələndirmə işləri davam etdirilir” - deyə o qeyd edib.