Özgə əmlakına vurulmuş ziyandan 40 milyon 386 min 399 manatı ödətdirilib

16:05 - 17.07.2024


17 iyul, Fineko/abc.az. İyulun 16-da Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. 

ABC.AZ xəbər verir ki, müşavirədə bildirilib ki, qurum tərəfindən korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması, yol verilən qanun pozuntularının səbəblərinin müəyyən edilməsi və gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif qurumlara 110 təqdimat göndərilib. Həmin təqdimatlara əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb edilib və bu kimi digər zəruri tədbirlərin görülməsi təmin olunub. 

Baş İdarənin əməliyyat qurumları tərəfindən 93 cinayət işi başlanıb, keçirilmiş 28 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 25 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 4 nəfər saxlanılıb.

Hesabat dövrü ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 61 milyon 909 min 129 manat məbləğində maddi ziyandan 40 milyon 386 min 399 manatının ödənilməsi təmin olunub.

Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 8 milyon 32 min 611 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.