Qazaxıstanda neft hasilatı 2023-cü ildə 7% artıb

15:39 - 5.03.2024


5 mart, Fineko/abc.az. Qazaxıstanda 2023-cü ilin yekunlarına görə neft hasilatı 90 milyon ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 7% çoxdur, deyə respublikanın energetika naziri Almasadam Satkaliyev bu gün nazirliyin kollegiya iclasında çıxış edərkən bildirib.

ABC.AZ xəbər verir ki, 2022-ci ildə 84,2 milyon ton hasil edilib.

Satkaliyev əlavə edib ki, 2023-cü ildə neft ixracı 70,5 milyon ton təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 9,6% çoxdur.

Bundan əvvəl Energetika Nazirliyinin rəhbəri bildirib ki, 2023-cü il üçün ilkin hasilat planları təxminən 92-93 milyon tona bərabər olub. Planların pozulmasının səbəbi neft müəssisələrindəki təmir və OPEC + əməliyyatı çərçivəsində Qazaxıstanın öhdəliklərinə əməl olunması ilə bağlıdır.

Energetika Nazirliyinin məlumatına görə, 2024-cü ildə neft hasilatı 90,3 milyon ton səviyyəsində planlaşdırılır.