11:04 - 19.02.2024
19 fevral, Fineko/abc.az. Argentinada yoxsulluq səviyyəsi yanvarda 57.4 faizə çatıb.
ABC.AZ xəbər verir ki, bu barədə “Reuters” ölkənin aparıcı iqtisadi universitetlərindən biri olan “Pontificia Universidad Catolica Argentina”nın məlumatlarına istinadən yazıb. Məlumata görə, statistik rəqəmlər son 20 ilin ən yüksək göstəricisidir.
Hesabata görə, Argentinanın yeni prezidenti seçilən Xavyer Miley tərəfindən pesonun devalvasiyası və sonradan qiymət artımı yoxsulluq vəziyyətinin pisləşməsinə səbəb olub.
2023-cü ilin sonunda yoxsulluq səviyyəsi 49.5% olub, yanvarda isə rekord səviyyəyə – 57.4%-ə yüksəlib. Hesabatda həmçinin qeyd olunub ki, ölkə üzrə ən azı 27 milyon insan yoxsulluq içində yaşayır, daha 9 milyon nəfər isə (ümumi 47.3 milyon əhalidən) həddindən artıq yoxsulluq içərisindədir.
Belə ki, yeni prezidentin islahatları əsas ərzaq məhsullarının qiymətlərinin artmasına səbəb olub. Ötən il ölkədə inflyasiya isə 211.4% təşkil edib.