14:26 - 6.02.2024
6 fevral, Fineko/abc.az. Laçında Zerti Aqro-Sənaye Parkında yeni müəssisələr fəaliyyətə başlayıb. İstehsal sahələrinin açılması nəticəsində yerli sakinlərdən daha 60 nəfər işlə təmin olunub. Bununla da parkda çalışan laçınlıların sayı 500-ə çatıb.
ABC.AZ xəbər verir ki, “Laçın Abadlıq Xidməti” ASC-nin direktoru Nəsimi Əsədovun verdiyi məlumata görə, yanvar ayından etibarən Laçında yüksəkkeyfiyyətli dam örtüklərinin istehsalına başlanılıb.
15-20 ilə korroziyaya uğrayan dəmir dam örtüklərindən fərqli olaraq, Laçında müasir italyan avadanlıqları ilə örtüklər istehsal edilir ki, onların da 100 ildən artıq davamlılığı var:
“Bakı Abadlıq Xidməti” MMC tərəfindən yenidən qurulan Laçında bütün tikinti materialları, o cümlədən dam örtükləri ən yüksək standartlara cavab verir. Yerli müəssisənin işə düşməsi nəticəsində nəqliyyat və çatdırılma xərcləri də xeyli azalacaq. Laçındakı dam örtükləri müəssisəsi işğaldan azad olunmuş Qarabağda quruculuq işlərinə cəlb edilmiş tikinti şirkətlərinin ehtiyaclarını da qismən qarşılamağa qadirdir”.
“Bakı Abadlıq Xidməti” MMC-nin mühəndisi Fuad Məmmədovun sözlərinə görə, daha bir yenilik dünyada plastik qapı-pəncərə istehsalında brend sayılan “Schuco” məktəbinin Laçında fəaliyyətə başlaması olacaq.
Əvvəlcə bu istiqamətdə təcrübə qazanılacaq, daha sonra Laçında da məşhur brendin məhsulları istehsal ediləcək.
Artıq istehsal sahəsinin yaradılması üçün Almaniyadan son texnoloji avadanlıqlar alınıb.
Birinci mərhələdə alman mütəxəssislər cəlb olunaraq işçilərə təlimlər keçiriləcək və ilkin istehsal məhz mütəxəssislərin nəzarətində aparılacaq.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026