ADB Azərbaycan manatında növbəti dəfə istiqraz buraxıb

15:41 - 29.01.2024


29 yanvar, Fineko/abc.az. Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın milli valyutası ilə ikinci gender istiqrazlarının buraxılması çərçivəsində 19.5 milyon manat (təxminən 11.5 milyon ABŞ dolları) cəlb edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, ADB-nin məlumatına əsasən, istiqrazların buraxılmasının əsas məqsədi qadınların kreditə çıxış imkanlarını artırmaq və kənd təsərrüfatı sektorunun inkişafına dəstək verməkdir.

İstiqraz Azərbaycan manatında olsa da, hesablaşma ABŞ dolları ilə aparılır və bu, beynəlxalq investorların cəlb edilməsini asanlaşdırır. İstiqrazların tədavül müddəti 3 ildir, kupon ödənişi yarımildə 1 dəfə olmaqla illik 6.25% ödəniləcək.

İstiqrazların kotirovkası Lüksemburq Fond Birjasında aparılır. Qiymətli kağızların emissiyası “Merrill Lynch International” tərəfindən təşkil olunub və istiqrazlar bir avropalı investor tərəfindən alınıb.