"Aztelekom" və "Baktelecom" bir neçə xidmətlər üzrə tarifləri qanunsuz olaraq artırıb

16:33 - 18.01.2024


18 yanvar, Fineko/abc.az. Ötən il İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" ("Baktelecom") MMC barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə işlə bağlı mübahisələr hələ həllini tapmayıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib. O bildirib ki, buna səbəb Dövlət Xidmətinin verdiyi qərarla bağlı qarşı tərəfin şikayətinin olmasıdır:

“Ona görə də hazırda məhkəmə prosesi davam edir. Yalnız məhkəmənin son qərarı əsasında bu məsələ həllini tapacaq. Dövlət Xidmətinin verdiyi qərar ədalətlidir. Təbii inhisar subyektinin dövlətin tənzimlədiyi qiyməti Tarif Şurasından razılıq almadan hansısa istiqamətdə dəyişdirməsi qanunsuz hal hesab edilir. Bizim qərarımızın da mahiyyətində bu məsələ dayanır. Hazırda bu məsələ ilə bağlı mübahisələr gedir”.

M.Abbasbəyli vurğulayıb ki, "Aztelekom" və "Baktelecom" bir neçə xidmətlər üzrə tarifləri qanunsuz olaraq artırıb:

“Ən yüksək artım internet xidmətləri üzrə tətbiq edilən tariflər üzrə olub. Cəmiyyətlərin tətbiq etdiyi qiymətlər dövlətin müəyyənləşdirdiyi həddən 400 % çox olub. Belə hallar sözügedən sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə maneədir".