İtaliya Azərbaycandan təbii qaz idxalını 10 faizdən çox artırıb

10:59 - 22.12.2023


22 dekabr, Fineko/abc.az. İtaliya 2023-cü ilin oktyabr ayında Azərbaycandan təbii qazın idxalını sentyabr ayındakı 800,5 milyon kubmetrlə müqayisədə artıraraq 881,2 milyon kubmetrə çatdırıb.

ABC.AZ xəbər verir ki, bu Avropa İttifaqının Statistika İdarəsinin hesabatında qeyd edilib. Bu, aylıq hesablamada 10 faizdən artıq artım deməkdir.

2023-cü ilin ilk on ayı ərzində İtaliya Azərbaycandan ümumilikdə 4 milyard avro dəyərində 7,7 milyard kubmetr qaz idxal edib.

Oktyabr ayında İtaliyanın Azərbaycandan təbii qaz idxalının dəyəri sentyabr ayındakı 310,6 milyon avro ilə müqayisədə 364,2 milyon avro olub ki, bu da təqribən 17,3 faiz artım deməkdir.

2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizi ilə tədarüklərin həcmini hazırki 10 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrədək artırmaq barədə razılığa gəliblər.