17:14 - 7.12.2023
7 dekabr, Fineko/abc.az. “İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vəzifəli şəxsləri barəsində cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı dekabrın 20-nə təyin olunub. Qeyd edək ki, iş üzrə təqsirləndirilən şəxs qismində “İnşaat Konstruksiyaları” MMC-nin sahibi Rauf Əliyev, yaxın qohumu Rəsul Əhmədov və Zahir Nəcəfov istintaqa cəlb edilib. Onlar rəhbərlik etikləri şirkətlərdə vətəndaşları aldatmaqda, mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz satmaqla, əldə edilmiş pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan olunub. İş üzrə 9 milyon manat ziyan vurulub, 280-dən çox şəxs zərərçəkmiş kimi tanınıb.