10:30 - 4.12.2023
4 dekabr, Fineko/abc.az. “Bakı Mərmər Qranit” MMC-nin özəlləşdirilməsi istiqamətində işlərə başlanılıb.
ABC.AZ Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, müəssisə Prezidentin 29 oktyabr 2021-ci il və 30 dekabr 2022-ci il tarixli sərəncamları ilə özəlləşməyə açılıb.
Bildirilib ki, Sərəncamın icrası ilə əlaqədar “Bakı Mərmər Qranit” MMC-nin özəlləşdirməyə hazırlanması istiqamətində müvafiq işlər görülüb, özəlləşdirmə komissiyası yaradılıb, inventarlaşdırma aparılıb, müstəqil qiymətləndirici şirkətin iştirakı ilə nizamnamə kapitalı müəyyən olunub, yeni hüquqi şəxs - “Bakı Mərmər Qranit” MMC təsis edilib. Müəssisənin nizamnamə kapitalı 17 milyon 59 min manat olmaqla, hər biri 100 manat olan 170 min 590 paydan ibarətdir.
Müəssisə 6,18 ha ərazidə yerləşir. Əsas istehsal sahələri mərmər və qranitin kəsilməsi, cilalanması və digər emal proseslərini həyata keçirən mərmər, qranit, penobeton, aqlay daş və daha bir neçə sexdən ibarətdir. Layihə üzrə illik istehsal gücü 300.000 kv.m təşkil edir.
Müəssisədə əsasən Türkiyədən alınmış avandanlıqlar quraşdırılıb. Eyni zamanda, müəssisədə Çin, İtaliya, Almaniya və Rusiya istehsalı olan dəzgahlar da mövcuddur.