Regionlardakı aeroportlar icarəyə verilsin - Deputatdan maraqlı təklif

14:20 - 18.10.2023


18 oktyabr, Fineko/abc.az. "Bir neçə il öncə aeroportların icarə əsasında işlənməsinə icazə verilməsi ilə bağlı məsələ qaldırmışdım. O zaman bəlli oldu ki, icarəyə vermək olar. Bizim regionlarda aeroportlar tikilib. Problem budur ki, gündə 1-2 reys olsa, toy-bayramdır".

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Rüfət Quliyev bildirib.

O daha sözlərinə ritorik sualla davam edib və bunları deyib: "Əgər yenə də bu aeroportların saxlanılması üçün büdcədən vəsait ayrılırsa, tenderə buraxılması ilə bağlı hansı işlər görürük? Türkiyənin böyüklüyünə görə ikinci aeroportu İndoneziya şirkəti, Gürcüstan aeroportları isə Türkiyə şirkətləri tərəfindən icarəyə götürülüb. Digər məsələ budur ki, bu yaxınlarda “Utair” şirkəti vasitəsilə Bakı-Sankt-Peterburq-Bakı reysindən istifadə etdim. Təyyarədə ekonom sinifdə uçan sərnişinlər üçün yemək, su vermirlər. Qiymət isə 250 manatdır. Mənə maraqlıdır ki, xarici şirkətlər burada fəaliyyətə başlayanda bizim tərəfdən hər hansı tələb qoyulurmu? Biz standartlardan danışırıq. Aviaşirkətlər Azərbaycana gəlib iş görür gedirlər. Belə uzunmüddətli uçuşlar zamanı sərnişinlər yemək ala bilmirlər” – deyə deputat vurğulayıb.