15:49 - 6.10.2023
6 oktyabr, Fineko/abc.az. Oktyabrın 6-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib.
Dövlət Komitəsindən ABC.AZ-a verilən məlumata görə, tədbirdə Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin, Füzuli Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri iştirak ediblər.
Püşkatmada 114 ailə (412 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 45-i ikiotaqlı, 54-ü üçotaqlı, 15-i dördotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.
Püşkatmada iştirak etmiş ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaqlar.