Taksi fəaliyyəti üçün şərtlər açıqlandı - DETALLAR

14:25 - 2.10.2023


2 oktyabr, Fineko/abc.az. Oktyabrın 1-dən avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. İcazələr Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 7 il müddətinə verilir. Qanunvericiliyin tələbinə əsasən ölkə daxilində qeyri-müntəzəm sərnişindaşıma, eləcə də yükdaşıma ilə məşğul olan şəxslərə buraxılış vəsiqəsi ödənişsiz veriləcək.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildiriblər.

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanuna əsasən, eləcə də taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı Nazirlər Kabineti tərəfindən təsdiq edilən tələblərə uyğun olmalıdır.

Nazirlər Kabinetinin 4 sentyabr 2023-cü il tarixli Sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı ilə bağlı təklifləri 4 ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb. Nazirlik tərəfindən hazırlanan müvafiq tələblər hazırda aidiyyəti dövlət orqanları ilə razılaşdırılma prosesindədir. Təsdiq olunacaq texniki göstəricilərə, daxili və xarici tərtibata dair tələblərə cavab verən taksi sərnişindaşımada istifadə edilən nəqliyyat vasitələrinə AYNA tərəfindən buraxılış kartı veriləcək.