14:47 - 4.09.2023
4 sentyabr, Fineko/abc.az. Təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilib.
ABC.AZ xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, ötən il müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub. İmtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib.
“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na və Əmək Məcəlləsinə uyğun olaraq, təhsil müəssisələri tərəfindən həmin müəllimlərin əmək müqaviləsinə bu gündən xitam verilməsi prosesinə başlanılıb.