Ermənilər Ağdamdakı görüşdən də imtina etmişdilər - Hacıyev

14:53 - 31.08.2023


31 avqust, Fineko/abc.az. Bu yaxınlarda başqa bir razılaşma var idi ki, Azərbaycan tərəfinin dəvəti ilə Ağdamda görüş keçirilsin. Bildiyiniz kimi, artıq görüşlərin keçirilməsi üçün Ağdamda müvafiq infrastruktur var. Qarabağdakı erməni sakinlərin nümayəndələri Ağdamda görüşdən də imtina etmişdilər.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı deyib.

“Ona görə də dialoqdan, təmaslardan imtina edilməsi, yolun açılmasından imtina edilməsi tamamilə qeyri-konstruktiv, aqressiv siyasətin təzahürüdür. Təkrar qeyd etmək istəyirəm ki, bunun məsuliyyəti özünü qondarma rejimin nümayəndələri kimi təqdim edən şəxslərin, həmçinin Ermənistan rəhbərliyinin üzərinə düşür. Çünki burada Ermənistanın da bilavasitə məsuliyyəti var. Ermənistan özünü bu məsuliyyətdən gizlədə bilməz. Qondarma rejimin bu gün saxlanılması Ermənistanın dövlət büdcəsi vasitəsilə həyata keçirilir. Bu məqsədlərlə 360 milyon dollardan artıq vəsait xərclənir. Ermənistan Silahlı Qüvvələrinin elementləri hələ də Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirir. Həmçinin, qondarma rejimin də silahlı qüvvələrinin həmin ərazidə mövcudluğu var”, - o əlavə edib.