"Kristal Abşeron" yaşayış binalarını bataqlıqda tikib

17:17 - 14.03.2023


14 mart, Fineko/abc.az. Azərbaycanda tikilən binaların arxitekturası, dizayn məsələsi çox pis vəziyyətdədir. Qarabağda tikilən arxitekturaya baxsınlar! Bakıdakı binalar həddən artıq biabırçı vəziyyətdədir, icra başçıları haradan gəldi onlara yer ayırıb. Bələdiyyələri nə qədər tuturlar da, ancaq abır həyaları yoxdur. Bakını elə yükləyiblər ki, altı bal gücündə zəlzələ olsa, Bakıda minimal evlərin 30-40 faizi yerlə bir olacaq. Nə qədər insan öləcək, bunu düşünən yoxdur.

ABC.AZ xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq deputat Cümşüd Nuriyev deyib.

"Kristal Abşeron" şirkətinin inşa etdiyi binaların vəziyyətinə də toxunan sabiq deputat qeyd edib ki, bu şirkət də binaları bir-birinin içində tikib.

"O binaları "Kristal Abşeron" elə-belə tikməyib, şirkətin rəhbəri "peşəkar"dır. Ümumiyyətlə, Azərbaycanda hər şeyi pulla həll etmək ənənəsi var. "Qobu Park-2” yaşayış kompleksi bataqlıqda inşa edilib: "Bu tikintiyə icazə verən icra başçısı dahi adamdır. Təklif edirəm ki, ona "Nobel mükafatı" verilsin. Çünki, adam istifadəsiz torpaqları verir ki, "gedin, istifadə edin". Amma bu adam başa düşmür ki, bura bataqlıqdır. Buna icazə verənlərə "sağol" düşür, bircə onu deyə bilərəm ki, haram xoşları olsun!" - deyə C.Nuriyev bildirib.