Xaçmazın 10 yaşayış məntəqəsinin yolları yenidən qurulur - VİDEO

14:29 - 7.03.2023


7 mart, Fineko/abc.az. Xaçmaz rayonu Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 20-ci km-dən ayrılan Hülövlü-Sərkərli-Alıcqışlaq-Qədimalıqışlaq-Rəhimova avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur.

AAYDA-dan ABC.AZ-a verilən məlumata görə, avtomobil yolu təbii faktorların təsirindən yararsız vəziyyətdə idi.

Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yol hazırda 4-cü texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilir.

Ümumi uzunluğu 30 km təşkil edən yolun eni 10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.

Müasir şəkildə yenidən qurulan yolun istifadəyə verilməsi ilə yol boyu 10 yaşayış məntəqəsində yaşayan əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq.