Qətər Azərbaycanla hər tərəfli əməkdaşlıqda maraqlıdır – Vacib görüş

15:33 - 13.02.2023


13 fevral, Fineko/abc.az. Xarici işlər naziri Ceyhun Bayramov Misirə işgüzar səfəri çərçivəsində Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Al-Murayxi ilə görüşüb. Qətərin XİN başçısı ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu açıqlayıb.

Bu barədə ABC.AZ-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər Azərbaycan və Qətər arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.

Görüş zamanı ikitərəfli əməkdaşlığın mövcud səviyyəsindən razılıq ifadə olunaraq, ölkələrimiz arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olduğu vurğulanıb. Azərbaycan ilə Qətər arasında beynəlxalq təşkilatlar və platformalar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində mövcud olan səmərəli əməkdaşlıq qeyd edilib.