15:02 - 26.12.2022
26 dekabr, Fineko/abc.az. Baramaçılıqda yem bazasının gücləndirilməsi məqsədilə yerli şəraitə uyğunlaşmış tut (çəkil) tinglərinin istehsalı davam edir.
ABC.AZ xəbər verir ki, kompleks tədbirlər çərçivəsində bu il 1 milyona yaxın yerli tut tingi istehsal olunaraq əkin üçün hazırlanıb.
Tinglərin baramaçılıq rayonlarının ərazisində, kümçülük təsərrüfatlarında və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ayrılmış meşə zolaqlarında əkini nəzərə tutulur.
Kök hissələrin zədələnməsinin qarşısını almaq məqsədilə xüsusi qablaşdırılmış tinglər Bərdə Baramaqurutma Məntəqəsinə gətirilib və buradan bölgü üzrə rayonlara paylanılıb.
Bölgü prosesinə həsr olunmuş tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin inkişafı və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov bildirib ki, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda baramaçılığın yem bazasının genişləndirilməsi məqsədi ilə yeni tut (çəkil) tingliyi təsərrüfatlarının yaradılmasının və tut (çəkil) bağlarının salınmasının dəstəklənməsi nəzərdə tutulub və ötən illər ərzində bu istiqamətdə xeyli işlər görülüb. Baramaçılıq rayonlarında yerli şəraitə uyğunlaşmış tinglər əsasında yeni çəkil bağlarının salınması baramaçılıqda yem bazasını möhkəmləndirməklə ipəkqurdlarının bəslənmə dövründə onların daha keyfiyyətli yarpaqla yemlənməsinə imkan verəcək. Çəkil ağaclarının yarpaqları xüsusi olaraq ipəkqurdunun yemlənməsi üçün nəzərdə tutulub.
28 İyul 2026