Sülhməramlıların missiyası vaxtından əvvəl sonlandırılmalıdır – Razi Nurullayev

12:25 - 16.12.2022


16 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi, dekabrın 16-da Milli Məclisin növbəti plenar iclası keçirilib.

ABC.AZ xəbər verir ki, iclasda çıxış edən millət vəkili Siyavuş Novruzov Rusiyanın Qarabağdakı sülhməramlı kontingetninin fəaliyyətinə toxunub.

Bir neçə gündür ki, ekoloqların Azərbaycanın torpağında ekologiyamıza vurulan ziyana etirazları xatırladan deputat qeyd edib ki, Rusiya sülhməramlıları oradakı ermənilərlə birləşib qanunsuz silah daşıyır, İran vətəndaşlarını qanunsuz olaraq Azərbaycan ərazisinə buraxır:

“Soydaşlarımız buna etiraz edirlər. Biz bunu dəstəkləyirik. Bu proseslərdə bizim gənclərimiz də iştirak edir. Azərbaycan gəncləri heç nəyi unutmur. Azərbaycan gəncləri bu gün vətənini köhnə nəsildən də çox sevir. Gənclərimizin hər biri Prezident İlham Əliyevin dövründə vətənpərvərlik dərsləri alıb. Biz belə gənclərimizin olmasına görə fəxr edirik”.

Daha sonra çıxış edən deputat Razi Nurullayev bildirib ki, Rusiya sülhməramlılarının vaxtından əvvəl missiyasının sonlandırılması tələbi qoyulmalıdır.

“Onlar Qarabağda qaldığı müddətcə, erməni separatçılar bu məsələdən öz çirkin məqsədləri üçün yararlanacaq. Rusiya sülhməramlılarının Qarabağda qalması sülh prosesinə birbaşa maneədir.

Dinc aksiyaçıların sayı dəfələrlə arta bilər, separatçılardan hər şey gözləmək də olar. Milli ordumuzun hissələri, polis və hərbi texnikamız onların təhülkəsizliyini təmin etməlidir. Onun üçün də 1000 nəfər xüsusi təyinatlı qoşun hissəmizin və yüz ədəd hərbi texnikanın əraziyə yeridilməsi və sülhməramlılarla bərabər təhlükəsizliyi təmin etməsi zəruridir”.

Müəllif: Elmir Murad