Maaşlar 500 manat artacaq? – Ekspertdən açıqlama

16:33 - 12.12.2022


12 dekabr, Fineko/abc.az. "Hazırkı göstəriciləri nəzərə alsaq, minimum əmək haqqı 500 manat artırılmalıdır. Bu vəziyyət 400 mindən artıq minimum əmək haqqı ilə özəl sektorda çalışan, 450-500 min isə dövlət sektorunda çalışan şəxslərin maaşlarının atırılmasına gətirib çıxara bilər".

ABC.AZ xəbər verir ki, bunu iqtisadçı ekspert Rəşad Həsənov bildirib. O əlavə edib ki, insanların ailə büdcəsinə əsas təsir edən faktor inflyasiyadır. Qısa müddətli dövrdə xərclərin strukturunun dəyişməsindən deyil, qiymətlərin artmasından narahatlıq keçiririk. Bu isə inflyasiyanın özünü sərt formada göstərməsidir:

"Nəzər almaq lazımdır ki, muzdlu çalışan əhali ən yaxşı halda 5-ci desilə (red - gəlirlərin diferensiasiya göstəricisi. Əhalinin ən yüksək təminatlı 10%-nin gəlirləri ilə ən aztəminatlı 10%-nin gəlirləri arasındakı münasibətlə müqayisə ilə ifadə edilir) qədər gəliri olan əhalidir. Bu insanların xərclərində ərzaq məhsullarının payı daha çoxdur. Ailə büdcəsinin strukturunda ərzaq məhsullarının payının daha çox olması isə o deməkdir ki, mövcud inflyasiya təzyiqi müvafiq sosial qruplara daha sərt təsir göstərir.

Çünki gündəlik tələbat məhsulları daha sürətlə bahalaşır və insanlar da bunu istehlak edir. İndiki şərtlər daxilində təqribi rəqəmlər qeyd etsəm, deyə bilərəm ki, muzdlu gəlirlə çalışanlar, sosial təqaüd və müavinət alanların gəlirləri minimum 20-25 faiz artırılmalıdır. Bunu həm özəl, həm də dövlət sektoruna aid etmək olar".