Nazirlik “Qaz TNK” MMC-yə məxsus istehsal sexini bağladı  

12:16 - 14.07.2022


14 iyul, Fineko/abc.az. Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Qaz TNK” MMC-yə məxsus istehsal sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

ABC.AZ xəbər verir ki, obyektdə mövcud olan yanğın su hovuzuna yanğın avtomobilinin sərbəst yan alması mümkün deyil, ərazidə təxliyə yolları taxta materiallarla tutulub, 
otaqlarda kustar üsulla hazırlanmış odun sobalarından istifadə edilir, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu nasaz vəziyyətdədir, ərazi, anbar və istehsalat sahəsi yanğın təhlükəsizliyinə dair göstərici nişanlarla təmin olunmayıb.

Qeyd olunanları nəzərə alaraq, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması faktları aşkar edilmiş sexdə işlərin və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul olunub.