Biriləri kimsənin rəyini soruşmadan uçuş biletlərinin qiymətini qaldırır - Deputat

11:32 - 16.06.2022


16 iyun, Fineko/abc.az. “Naxçıvana təyyarəyə bilet tapılmır. Onlarla adam zəng edib köməklik istəyir. Əməlli-başlı dərəbəylikdir”.

ABC.AZ xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, biletlər gizli şəkildə məlum turizm şirkətlərinə satılır: “Biriləri kimsənin rəyini soruşmadan bilet qiymətini qaldırır, biriləri təyyarə sayını qəsdən artırmır ki, Türkiyəyə biletlərin bahalığına görə Naxçıvan üzərindən gedilməsin, əvəzində isə yoxsul Naxçıvan camaatı zülm çəkir. Üstəlik, əldə etdiyim məlumata görə, bu biletlər gizli şəkildə məlum turizm şirkətlərinə satılır. Nə veclərinə, əhali əziyyət çəksin, turizm şirkətləri qazansın. Günlərlə kassa qarşısında növbəyə durub 20 gün sonraya belə bilet tapa bilməyən insanların halına acıyan bir səlahiyyətli şəxs varmı? Sadəcə ayıb olsun, ar olsun deyirəm. Onsuz da otuz ildir blokadanın əziyyətini çəkir Naxçıvan camaatı. Erməninin verdiyi əziyyət yetərli deyilmi? Təcili əlavə təyyarələr ayırın, bu məsələni dərhal həll edin”.

Deputat, həmçinin əlavə edib ki, Milli Məclisdə bu mövzuda sözünü deyəcək.

Müəllif: Elmir Murad