16:49 - 4.04.2022
4 aprel, Fineko/abc.az. Azərbaycan və İordaniya arasında mülki aviasiya sahəsində əməkdaşlıq, iki ölkə arasında hava əlaqəsinin yaradılması imkanları müzakirə edilib.
ABC.AZ-ın məlumatına görə, müzakirələr "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov İordaniyanın Azərbaycandakı səfiri Sami Asem Qoşeh ilə görüşdə aparılıb.
C.Əsgərov qeyd edib ki, Bakı ilə Amman arasında uçuşların yerinə yetirilməsinə 2020-ci ilin may ayının sonunda başlanılmalı idi və bu barədə müvafiq razılıq 2019-cu ilin dekabr ayında əldə edilmişdr.
Lakin COVID-19 pandemiyasının yayılması bu planların həyata keçirilməsinə mane olub.
Onun sözlərinə görə, birbaşa reyslərin açılması ölkələr arasında dostluq əlaqələrini gücləndirməklə yanaşı, Azərbaycan və İordaniya sahibkarları üçün bütün sahələrdə, o cümlədən ticarət və turizm sahəsində yeni imkanlar yaradacaq.