Prezident tapşırıq verdi - Ukraynadakı soydaşlarımızın təxliyəsi hər gün olacaq

15:00 - 2.03.2022


2 mart, Fineko/abc.az. Prezident İlham Əliyevin tapşırığı ilə AZAL aviaşirkəti Ukraynadakı hadisələrlə əlaqədar Vətənə qayıtmaq arzusunda olan həmvətənlərin daşınması üçün hər gün təxliyə reyslərini yerinə yetirəcək.

Bu barədə ABC.AZ-a AZAL-dan məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan vətəndaşlarının təxliyə reysləri ilə daşınması ödənişsiz həyata keçirilir.

Martın 1-də AZAL artıq təxliyə reysi yerinə yetirib və 176 nəfər Azərbaycan vətəndaşı Vətənə qayıdıb.

Ukraynadan qonşu dövlətlərə köçmüş soydaşlarımızın təxliyəsi üçün Azərbaycan tərəfindən əlavə olaraq digər çarter reysləri də təşkil edilir. Belə ki, bu reyslərlə fevralın 28-də və martın 2-də 336 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.