Qarabağ və Şərqi Zəngəzurun bütün zonası “ağıllı şəhərlər”, “ağıllı kəndlər” konsepsiyası olacaq

16:15 - 24.02.2022


24 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Rusiyaya səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb.

ABC.AZ xəbər verir ki, görüş zamanı dövlət başçısı bir sıra vacib məsələlərə toxunub.

O qeyd edib ki, məcburi köçkünlərin azad olunmuş ərazilərə köçürülməsi zamanı "Yaşıl enerji” prinsipi əsas götürüləcək.

"Qarabağ və Şərqi Zəngəzurun bütün zonası “yaşıl enerji” zonası və “ağıllı şəhərlər”, “ağıllı kəndlər” konsepsiyası olacaq. Bu insanlar çox gözləyiblər, bu səbəbdən onlar Azərbaycanda mümkün olan ən yaxşı şəraitdə yaşamalıdırlar. Mən konkret müddət deyə bilmərəm, hətta onlarla görüşlərdə deyə bilmərəm, onları yanılda bilmərəm. Biz bu prosesi sürətləndirmək üçün hər gün, hər saat hər şey edirik. Lakin bizə, əlbəttə ki, kömək lazımdır, məhz minalardan təmizlənmə baxımından, hətta maliyyə yardımı deyil, texniki yardım lazımdır. Sadəcə, biz fiziki cəhətdən çatdıra bilmirik. Bizim Minatəmizləmə Agentliyimiz var, Müdafiə Nazirliyində bir neçə batalyonumuz var, FHN qrupu var. Lakin fiziki baxımdan çatmır, çünki bu, çox ləng prosesdir. Buna görə də biz beynəlxalq strukturlara kömək üçün müraciət etmişik. Lakin əfsuslar olsun ki, artıq bir il üç ay keçib, hələ də müraciətimiz cavabsız qalıb", - deyə dövlət başçısı vurğulayıb.