Ermənilər İstanbula bizdən 2 dəfə ucuz qiymətə uçurlar - AZAL bizi yenə aldatdı?

15:28 - 11.02.2022


11 fevral, Fineko/abc.az. Bir müddət İrəvandan İstanbula təyyarə ilə uçmağın Bakıdan İstanbula həyata keçirilən aviareysdən xeyli ucuz başa gəldiyini yazmışdıq.

Bundan sonra sosial şəbəkə istifadəçiləri də məsələ ilə bağlı AZAL-ı qınaq obyektivinə çevirən postlar paylaşdı. Mətbuatda dərc olunan məlumatlardan sonra AZAL İstanbul da daxil olmaqla bütün istiqamətlər üzrə “Buta”-nın aviabiletlərin qiymətlərinin aşağı salınması barədə qərar qəbul etdiyini açıqladı.

Büdcə sinfinə aid biletlərin qiymətinin pandemiyadan əvvəlki səviyyəyə qayıdacağı və 29 avro olacağı açıqlandı. Bir ay keçəndən sonra məsələnin doğruluğunu yoxlamaq qərarına gəldik. Beləliklə, fevralın 28-dən martın 4-dək “İrəvan-İstanbul-İrəvan” reysinə biletin qiyməti 98 avrodur. Yaxşı, kifayət qədər məqbul qiymət, xüsusən də yoxsul Ermənistan üçün əla qiymətdir.

Ermənistan da, sakinləri də bu qiymətdən razıdır. İndi isə gəlin Bakı-İstanbul-Bakı istiqaməti üzrə biletlərin qiymətinə nəzər salaq. Burada isə insan məyusluğunu gizlədə bilmir. Beləliklə aprelin 4-7-də Bakıdan İstanbula və əks istiqamətdə qiymət 167 avro (326 manat) təşkil edir. Amma aprelin 4-8-də “İrəvan-İstanbul-İrəvan” reysi üçün qiymət isə cəmi 78 AVRO-dur. Ya AZAL bizi aldadır, ya da bizi ermənilərdən varlı, dövlətli hesab etdiyindən bu cür addımlar atır.

Müəllif: Elmir Murad